İranın SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ hərbi gəmilərinə xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri İranın cənub sahillərində yerləşən ABŞ hərbi gəmilərinə ciddi xəbərdarlıq edərək, onları genişmiqyaslı dəniz təlimlərinin keçirildiyi ərazidən uzaq durmağa çağırıb.
Operativ Media İranın “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir ki, xəbərdarlıq 2016-cı ildə şəhid olmuş SEPAH-ın dəniz qüvvələrinin elit bölmələrinin komandiri Məhəmməd Nazerinin adına keçirilən iki günlük dəniz təlimi zamanı edilib.
Təlimlər Fars körfəzinin dəniz zonalarını, Hörmüz boğazını, Oman dənizini və Naziat adalarını – Əbu Musa, Böyük Tunb, Kiçik Tunb və Siri adalarını əhatə edib.
Elektron müharibə çərçivəsində “Navab”, “Maji” və “Misak” kimi müasir zenit-raket komplekslərindən istifadə olunub.
Yerli istehsal sistemlərinin hava və dəniz hədəflərini yüksək dəqiqliklə aşkar edib məhv etmək üçün süni intellektdən istifadə etdiyi bildirilir. Döyüş oyunları SEPAH-ın dəniz qüvvələrinin döyüş imkanlarını, yeni hücum və müdafiə sistemlərinin raket əməliyyatlarında, eləcə də pilotsuz uçuş aparatlarının süni intellektlə idarə edilməsində effektivliyini nümayiş etdirmək məqsədi daşıyır.
Təşkilatçıların sözlərinə görə, təlimlər qonşu ölkələrə sülh və dostluq mesajı verməklə yanaşı, İranın düşmənlərinə açıq xəbərdarlıq xarakteri daşıyır və ölkənin müqavimət və cilovlama siyasətinin tam gücü ilə davam etdiyini göstərir.