Aİ və G7 Rusiya neftinin Qərb gəmiləri ilə daşınmasını tam qadağan etmək istəyir

“Böyük yeddilik” ölkələri və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsi çərçivəsində Qərb tanker və dəniz xidmətlərindən Rusiya neftinin daşınmasının tam qadağan edilməsini müzakirə edir.
Operativ Media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən xəbər yayıb.
Plan layihəsinə əsasən, G7 və Aİ ölkələrinə məxsus və ya həmin ölkələrdə sığortalanmış gəmilərlə Rusiya neftinin daşınması qadağan olunacaq.
Agentliyə danışan mənbələr hazırda Hindistan və Çinə neftin əsasən Yunanıstan, Kipr və Malta bayrağı altında üzən tankerlərlə aparıldığını bildiriblər.
Məlumatlara görə, bu qadağa Rusiyaya qarşı 2026-cı ilin əvvəlində qəbul edilməsi gözlənilən yeni Aİ sanksiya paketinə daxil edilə bilər.
Brüssel bu addımın G7 ilə razılaşdırılmasını istəyir.
Bundan əvvəl Avropa Komissiyasının 2026-cı ilin əvvəlində Rusiya neftinin idxalının tam qadağan edilməsini təklif edəcəyi, həmçinin Aİ-nin Rusiya qazının idxalına da ilkin qadağa razılaşması əldə etdiyi bildirilmişdi.