Menyu

“Səssiz insultlar” hansı testlərlə aşkar edilə bilər?

Ayşən Sadıxzadə
“Səssiz insultlar” hansı testlərlə aşkar edilə bilər?

"Dünya Səhiyyə Təşkilatının məlumatına görə, qan-dövranı sisteminin pozuntuları hazırda dünyada ölümün əsas səbəbidir. Ürək-damar xəstəlikləri və ürək infarktı birinci yerdə dayanır, beyin damarlarının zədələnməsi – insult isə ölümün ikinci əsas səbəblərindən biridir".

Bunu Operativ Media-ya açıqlamasında nevroloq Röyanə Quluzadə bildirib.

O qeyd edib ki, beyin qan dövranının ağır pozuntuları baş verməzdən əvvəl orqanizm müəyyən siqnallar verir:

"Bu pozuntulara səbəb olan risk faktorları tibb elminə yaxşı məlumdur və onların vaxtında aradan qaldırılması gələcəkdə infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu səbəbdən bu xəstəliklər “səssiz qatillər” adlandırılır.

Risk faktorları dəyişdirilə bilməyən və dəyişdirilə bilən olmaqla iki qrupa ayrılır. Dəyişdirilə bilməyən risk faktorlarına irq, cins və genetik meyllilik daxildir. Bu amilləri dəyişmək mümkün deyil, lakin profilaktik tədbirlərlə ümumi riski azaltmaq mümkündür.

Dəyişdirilə bilən risk faktorları isə insanın həyat tərzindən asılıdır. Alkoqol və enerji içkiləri damar divarının ən incə qatını zədələyir, damar elastikliyini azaldır və qan dövranının pozulmasına səbəb olur. Siqaret, qəlyan və elektron siqaretlərdəki kimyəvi maddələr damar divarını zədələyərək laxtaların əmələ gəlməsinə şərait yaradır. Araşdırmalar qəlyanın siqaretdən ən azı 20 faiz daha ziyanlı olduğunu göstərir. Zərərli qidalar, trans yağlar və sintetik məhsullar damar divarına xolesterinin çökməsinə səbəb olur, damar mənfəzinin daralmasına və qan axınının çətinləşməsinə gətirib çıxarır. Stress zamanı orqanizmdə kortizolun artması damar divarını kövrəkləşdirir və insult, infarkt riskini yüksəldir.

Həkimlər qan analizləri vasitəsilə damarların vəziyyətini insult və infarkt baş vermədən əvvəl qiymətləndirə bilirlər. Bu analizlərə qanın laxtalanma göstəriciləri, lipid paneli və damar divarının zədələnməsini göstərən biomarkerlər daxildir. Vaxtında aparılan analizlər preventiv tədbirlərin görülməsinə imkan yaradır.

Riskin azaldılması üçün sağlam qidalanma, zərərli vərdişlərdən uzaq durmaq, gündəlik fiziki aktivlik, təmiz havada gəzinti, stressin düzgün idarə olunması və dövri tibbi müayinələr tövsiyə olunur. Bu tədbirlər beyin və ürək damarlarını qorumağa və gələcəkdə infarkt və insult riskini ciddi şəkildə azaltmağa kömək edir".

Əlaqəli Xəbərlər