Politico: ABŞ G7 kredit ödənişlərindən sonra Ukraynaya dəstəyi kəsəcək

Birləşmiş Ştatlar 2024-cü ildə keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası ilə Yeddilik Qrupu (G7) ölkələri tərəfindən razılaşdırılmış kredit xəttinin yekun tranşlarını ödədikdən sonra Ukraynaya yardımını azaltmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Aİ-nin diplomatik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Amerika tərəfi bu barədə dekabrın 8-də G7-nin maliyyə nazirləri və aparıcı beynəlxalq maliyyə təşkilatlarının — o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlərinin videokonfrans formatında keçirilən iclasında məlumat verib.
ABŞ Yaponiya kimi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün Aİ-nin təklif etdiyi sxemə qoşulmaqdan imtina edib.
Oktyabrın 2-də “Politico” nəşri yazıb ki, G7-yə daxil olan Aİ ölkələri öz ərazilərindəki Rusiya aktivlərini müsadirə etmək üçün Yaponiya və ABŞ-yə təzyiq göstərir.
Dekabrın 3-də ABŞ-nin hazırkı prezidenti Donald Tramp bəyan edib ki, ABŞ artıq Ukraynaya yardım üçün öz vəsaitlərini xərcləmir və NATO Kiyevə çatdırılması üçün silahları Vaşinqtondan alır.