Tramp Çinin ABŞ-dən 40 milyard dollar dəyərində soya ala biləcəyinə inanır

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Amerika istehsalçılarından 40 milyard dollar dəyərində soya ala bilər.
Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısı Ağ Evdə kənd təsərrüfatı sənayesinin nümayəndələri ilə görüşündə bildirib.
“Bildiyiniz kimi, Çin inanılmaz miqdarda soya alır”, – Vaşinqton administrasiyasının rəhbəri qeyd edib. “Mən Çin Xalq Respublikasının sədri Si Cinpinlə bu yaxınlarda danışmışam. Məncə, o, söz verdiyindən də artığını edəcək”, – deyə Tramp söhbətin nə vaxt baş tutduğunu açıqlamayıb. “Məncə, münasibətlər çox yaxşıdır. Düşünürəm ki, o, söz verdiyindən də artığını edəcək və çox şey etməyə söz verib”.
“Çin 40 milyard dollar dəyərində soya almağı öhdəsinə götürüb”, – prezident əlavə edib. “Mən Prezident Si Cinpindən soruşdum ki, o, bu rəqəmi arta bilərmi. Düşünürəm ki, artacaq”.
Tramp noyabrın 24-də bildirib ki, o, Si Cinpinlə telefon danışığında xüsusilə Çinin ABŞ-dən soya alması ilə bağlı məsələləri müzakirə edib. "Reuters"in noyabrın 26-da yaydığı məlumata görə, Çin ABŞ-dən təxminən 300 milyon dollar dəyərində azı 10 partiya soya alıb. Agentlik qeyd edib ki, Çin Amerika soya idxalını artırır, baxmayaraq ki, ABŞ məhsulu Braziliya soyasından daha bahalıdır.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Besant açıqlamışdı ki, Çin 2026-cı ilin yanvarına qədər 12 milyon ton Amerika soyası almağa razılaşıb. Besant əlavə edib ki, Pekin üç il ərzində ABŞ-dən ümumilikdə 87,5 milyon ton soya almağı öhdəsinə götürüb.