Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv edəcək
Gürcüstan Parlamenti Avropa İttifaqının tövsiyələrinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.
Operativ Media xəbər verir ki, səsvermə qanunverici orqanın rəsmi veb-saytında canlı yayımlanıb.
Qanunun lehinə 77 deputat səs verib. Sənəd imzalanmaq üçün Gürcüstan Prezidentinə göndərilib. Mixeil Kavelaşvili qanunu imzaladıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2 mart 2026-cı ildə fəaliyyətini dayandıracaq.
Büronun funksiyaları Dövlət Audit Xidmətinə həvalə olunacaq.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin daha əvvəl qeyd etdiyi kimi, Korrupsiyaya Qarşı Mübarizə Bürosunun əsas vəzifələrinə vəzifəli şəxslərdən, siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından bəyannamələrin toplanması və monitorinqinin aparılması daxildir. Onun sözlərinə görə, bu funksiyalar Dövlət Audit Xidməti üçün daha uyğundur.
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2022-ci ilin sonlarında yaradılıb. Belə bir qurumun təsis edilməsi Avropa İttifaqının namizəd statusunun əldə olunması ilə bağlı tövsiyələrindən biri olub.