Qazaxıstan parlamenti LGBT təbliğatını qadağan edən qanun qəbul edib
Qazaxıstan parlamentinin Senatı (yuxarı palata) uşaqları bu cür məzmundan qorumaq məqsədilə LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanun layihəsini ikinci və son oxunuşda təsdiqləyib.
Operativ Media xəbər verir ki, qanun layihəsi iki oxunuşda müzakirə olunaraq plenar iclasda qəbul edilib.
Qadağa ilə bağlı müddəalar “Qazaxıstan Respublikasının arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunda əksini tapıb. Qanun vətəndaşların təxminən il yarım əvvəl LGBT təbliğatının qadağan edilməsi tələbi ilə petisiya qaldırmasından sonra qəbul olunub.
Bundan əvvəl Qazaxıstan parlamentinin Məclisi (aşağı palata) LGBT təbliğatını məhdudlaşdıran düzəlişləri təsdiqləmişdi. Senatın sənədi ilkin olaraq 4 dekabrda nəzərdən keçirməsi planlaşdırılsa da, sonradan məsələ plenar iclasın gündəliyindən çıxarılıb. Senatın mətbuat xidməti bunu qanunun qəbul edilməsi üçün bir sıra digər qanunlara dəyişikliklərin edilməsinin zəruri olması və sənədin əlavə müzakirəyə ehtiyac duyması ilə izah edib. Nəticədə Senatın baxışı 18 dekabra təyin olunub.
Senatın Sosial-Mədəni İnkişaf Komitəsinin məlumatına görə, qanun ictimai yerlərdə, eləcə də kütləvi informasiya vasitələri, telekommunikasiya şəbəkələri və onlayn platformalar vasitəsilə pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanı təbliğ edən məlumatların yayılmasını məhdudlaşdıran normaları nəzərdə tutur. Qanunun ikinci bölməsi Milli Arxiv Fondunun, Qazaxıstanın tarixi və mədəni irsinin qorunmasına, həmçinin rəqəmsallaşdırılmış sənədlərin payının artırılmasına həsr olunub.
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Yevgeni Koçetov daha əvvəl bildirmişdi ki, qəbul edilmiş qanuna əsasən qeyri-ənənəvi cinsi münasibətlərin təbliği kimi qiymətləndirilən qanunsuz məzmunun yayılması təxminən 140 dollar məbləğində cərimə, təkrar hallarda isə bu məbləğin ikiqatı və ya 10 günədək inzibati həbs cəzası ilə nəticələnə bilər.
Respublika hakimiyyəti vurğulayıb ki, yeni qaydalar insanların hüquqlarını məhdudlaşdırmır və uşaqları bu tip məlumatlardan qorumaq üçün zəruridir. Bir sıra ictimai təşkilatlar qanuna qarşı çıxıb, Aİ diplomatları isə sənədin qəbul ediləcəyi təqdirdə respublika üçün “nüfuz riskləri” yarana biləcəyi barədə xəbərdarlıq edərək narahatlıqlarını ifadə ediblər. Qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.