ABŞ Kamboca və Taylandı sülh müqaviləsi öhdəliklərini yerinə yetirməyə çağırıb
ABŞ administrasiyası Kamboca və Tayland arasında atəşkəs razılaşmasını alqışlayır və hər iki tərəfi sülh razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırır.
Operativ Media xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.
"Biz Kamboca və Taylandı dərhal bu öhdəlikləri yerinə yetirməyə və Kuala Lumpur Sülh Sazişlərinin şərtlərini tam şəkildə yerinə yetirməyə çağırırıq", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, Kamboca-Tayland sərhədində kiçik silahlı toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tayland quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını bildirib. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib. Döyüşlərdə 23 Tayland əsgəri həlak olub. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, Kambocada baş verən atəş nəticəsində 31 mülki şəxs həlak olub, ən azı 87 nəfər yaralanıb.