Mərkəzi Afrika Respublikasında ümumi seçkilərdə səsvermə başlayıb
Mərkəzi Afrika Respublikasında (MAR) ümumi seçkilərdə səsvermə başlayıb.
Operativ Media xəbər verir ki, ölkədə təxminən 2,4 milyon seçici səsvermə hüququna malikdir. Onlar prezident, parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçəcəklər.
Ölkə üzrə 6 700 seçki məntəqəsi yaradılıb. Məntəqələr yerli vaxtla səhər saat 6:00-da (Bakı vaxtı ilə 09:00) açılıb və axşam saat 18:00-dək (Bakı vaxtı ilə 21:00) fəaliyyət göstərəcək.
Dövlət başçısı vəzifəsi uğrunda yeddi namizəd mübarizə aparır. Namizədlər arasında 2016 və 2020-ci illərdə keçirilən seçkilərdə qalib gəlmiş hazırkı prezident Faustin-Archange Touadéra da var. 2023-cü ilin yayında referendum yolu ilə qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə namizəd olmaq imkanı verib. Prezidentlik müddəti yeddi ildir. Əgər namizədlərdən heç biri birinci turda səslərin 50 faizindən bir səs artıq toplaya bilməsə, ikinci tur keçiriləcək.
Ekspertlərin fikrincə, mərkəz-sol yönümlü Birləşmiş Ürəklər Hərəkatı (DOS) partiyasından namizəd olan Touadéranın qalib gəlmək şansı daha yüksəkdir. Onun əsas rəqibləri keçmiş baş nazirlər Anicet-Georges Dologeule (1999–2001) və Henri-Marie Dondra (2021–2022) hesab olunur.
Eyni zamanda, ölkə vətəndaşları 140 deputatdan ibarət birpalatalı parlament — Milli Assambleyanın üzvlərini də seçəcəklər. Parlament mandatının müddəti də yeddi ildir. Milli Assambleyadakı yerlər uğrunda 685 namizəd mübarizə aparır. Onların təxminən yarısı müstəqil namizədlərdir, qalanları isə 40-dan çox siyasi partiya tərəfindən irəli sürülüb. Müşahidəçilərin qənaətinə görə, 2020–2021-ci illər seçkilərindən sonra olduğu kimi, hazırda parlamentdə 61 yerə malik olan DOS partiyası bu dəfə də yerlərin əksəriyyətini qazana bilər.