"Bloomberg": ABŞ Qrenlandiya ilə işgüzar əlaqələri gücləndirməyin yollarını axtarır
Amerika rəsmiləri işgüzar əlaqələri gücləndirməklə və yeni müqavilələr bağlamaqla ABŞ-nin Qrenlandiyadakı mövcudluğunu möhkəmləndirməyin yollarını axtarırlar.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ rəsmiləri nadir torpaq metallarının hasilatı və su elektrik stansiyalarının inkişafı da daxil olmaqla potensial biznes sövdələşmələrinə diqqət yetirirlər. Lakin agentliyin həmsöhbətləri etiraf ediblər ki, bu layihələr ABŞ Prezidenti Donald Trampın istədiyi təsirli nəticələri qısa müddətdə verməyəcək.
Nəşrin mənbələrinə görə, Ağ Ev Vaşinqtonun Sakit okeanın kiçik dövlətləri ilə bağladığı müqavilələrə bənzər şəkildə Qrenlandiya ilə Azad Assosiasiya Sazişi bağlamağı da nəzərdən keçirir. Bu cür müqavilələrə əsasən, ABŞ həmin ölkələrə maliyyə dəstəyi göstərir və bunun müqabilində daxili özünüidarə qorunub saxlanılmaqla müdafiə məsələləri Vaşinqtona həvalə olunur. "Bloomberg" yazır ki, bu addım Qrenlandiyanı muxtar ərazi kimi öz tərkibinə daxil edən Danimarkanın ada üzərində nəzarətdən imtina etməsini tələb edəcək.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "Bloomberg"ə bildirib ki, “Prezidentin milli təhlükəsizlik qrupunun bütün əsas üzvləri xarici siyasətlə bağlı bütün əsas məsələlər üzrə qəbul edilən son qərarlar barədə məlumatlandırılır. Aydın səbəblərə görə, bu qrupa əməliyyat təhlükəsizliyinə riayət etməyən, "Bloomberg"ə şikayət edən və eyni zamanda agentliyi açıq yalanlarla qidalandıran şəxslər daxil deyil”.
Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməli olduğunu bəyan edib. O, 2025-ci ilin may ayının əvvəlində NBC News-a verdiyi müsahibədə Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməyib. Bu il yanvarın 6-da Ağ Ev "Reuters" agentliyinə verdiyi yazılı açıqlamada Qrenlandiya ilə bağlı planları şərh edərkən vurğulayıb ki, “əlbəttə, ABŞ Silahlı Qüvvələrindən istifadə həmişə Baş Komandanın, yəni Donald Trampın ixtiyarındadır”. Ağ Evin mətbuat katibi Kerolin Livitt isə yanvarın 7-də bildirib ki, Tramp tabeliyində olan şəxslərlə Qrenlandiyanın alınması imkanlarını fəal şəkildə müzakirə edir.