“Apple” ilk qatlanan smartfonunu sentyabrda təqdim edə bilər
ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkəti ilk qatlanan smartfonunu bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chunan Ilbo” qəzeti məlumat yayıb.
Məlumata görə, "Samsung Display" may ayında “Apple” üçün bu tip smartfonların ekranlarının istehsalına başlaya bilər.
Hər iki şirkət isə yayılan xəbərlərə şərh verməkdən imtina edib.
Məlumatlara görə, iPhone Fold-un ekranında qat hissəsində heç bir görünən iz qalmayacaq.
Daha əvvəl bildirilirdi ki, “qatlanan” iPhone-un xarici ekranı 5,49 düym diaqonala, 2088×1422 piksel təsvir ölçüsünə və 1,49:1 tərəf nisbətinə sahib olacaq. Daxili, açılan ekran isə 7,76 düym diaqonal, 2713×1920 piksel təsvir ölçüsü və daha kvadrat 1,43:1 nisbəti ilə təqdim ediləcək.
Açıq vəziyyətdə cihazın qalınlığı 4,8 mm təşkil edəcək. Bu göstərici iPhone Air-dən (5,6 mm) daha nazik, lakin Galaxy Z Fold 7-dən (4,2 mm) bir qədər qalındır.
Sızıntılar təsdiqlənərsə, smartfon dörd kamera ilə təchiz olunacaq: bir ön kamera, bir daxili kamera və iki əsas kamera. Face ID əvəzinə yan düymədə yerləşən Touch ID istifadə ediləcək. Fiziki SIM kart yuvası olmayacaq, cihaz yalnız eSIM texnologiyasını dəstəkləyəcək.
Qiymətə gəlincə, müxtəlif mənbələr iPhone Fold-un 2000–2400 ABŞ dolları aralığında olacağını bildirir və ehtimal edilir ki, qiymət yuxarı həddə daha yaxın olacaq.
Bu isə onu eyni form-faktorda olan əsas rəqiblərdən xeyli bahalı edir.