Böyük Britaniya Ukrayna üçün yüksək dəqiqlikli ballistik raketlər istehsal edəcək
Operativ Media
Böyük Britaniya Ukrayna üçün uçuş məsafəsi 500 kilometrdən çox olan yeni “Nightfall” ballistik raketləri hazırlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, 200 kiloqramlıq döyüş başlığına malik, yüksək dəqiqliklə idarə olunan “Nightfall” raketləri müxtəlif platformalardan buraxıla bilər. Bir raketin maksimum istehsal dəyəri 800 min funt sterlinq (təxminən 1,1 milyon ABŞ dolları) təşkil edəcək.
Bəyanatda vurğulanır ki, Böyük Britaniya Müdafiə Nazirliyi ilk üç raketin dizaynı, hazırlanması və çatdırılması məqsədilə 12 ay müddətində 9 milyon funt sterlinq (12,1 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlamaq üçün üç sənaye qrupunu seçəcək. Raketlər daha sonra sınaqdan keçiriləcək. Təkliflərin təqdim edilməsi üçün son tarix 9 fevral 2026-cı ildir. Müvafiq müqavilələrin isə mart ayında bağlanması gözlənilir.