Gürcüstanın sabiq baş naziri həbs edilib - YENİLƏNİB
Gürcüstanın keçmiş baş nazir İrakli Qaribaşvili məhkəmə iclasında ona qarşı irəli sürülən ittihamları etiraf edib və təqsirin etirafı barədə razılaşma məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, məhkəmə zalında 5 il müddətinə azadlıqdan məhrum edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Qaribaşviliyə əlavə olaraq 1 milyon lari cərimə tətbiq olunub, həmçinin qanunsuz gəlirlər və axtarış zamanı müsadirə edilən vəsait dövlət xeyrinə müsadirə ediləcək.
***
16:26
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər, eyni zamanda, ona 1 milyon lari məbləğində cərimə təyin edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, prokurorluq ilə təqsirləndirilən İrakli Qaribaşvili arasında prosessual razılaşma əldə olunub. Razılaşmaya əsasən, Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayətdə təqsirli bilinib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.
Bundan əlavə, sabiq baş nazirə 1 milyon lari məbləğində cərimə tətbiq edilib. Eyni zamanda, cinayət fəaliyyəti nəticəsində əldə edildiyi iddia olunan və yaşayış evində aparılan axtarış zamanı müsadirə edilən pul vəsaitlərinin dövlətin xeyrinə müsadirə ediləcəyi bildirilib.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, İrakli Qaribaşvili törətdiyi əməli etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb. Prokurorluğun təqdimatı əsasında məhkəmə bu razılaşmanı artıq təsdiqləyib.
Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 24-də bu iş üzrə Qaribaşvili barəsində qabaqlayıcı tədbir kimi 1 milyon lari girov müəyyən etmişdi.