
"Konyaspor"da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə mətbuatına önəmli açıqlamaları ilə diqqət çəkib.
"Operativ Media" xəbər verir ki, Superliqa təmsilçisinin forvardı Konyanın yerli qəzeti olan "Anadoluda Bugün"ə danışıb.
Millimizin üzvü ilə bağlı yazını diqqətinizə çatdırırıq: "“Konyaspor”un azərbaycanlı mərkəz hücumçusu Mahir Emreli komandaya ümid bəsləyir. Liqada 9 oyundu qələbə qazana bilməyən "Anadolu qartalı"nın 25 yaşlı hücumçusu: "Hücumda yaradıcı olmalıyıq. Qələbələr və qollar gec-tez, amma mütləq gələcək", - dedi.
Yeni baş məşqçisi Stanojeviçlə liqada son 9 oyunun 5-də qol sevincini yaşaya bilməyən "Konyaspor"un yeni transferi "Giresunspor"a qarşı debüt oyununa çıxdığı üçün xoşbəxt olduğunu, lakin qalib gələ bilmədiklərinə görə üzüldüyünü bildirib: "Yeni oyunçularla ilk matçımız idi. Qalib gəlməyi çox istəyirdik. Bu da meydanda görünürdü. Müdafiədən çox hücumda oynayırdıq. Demək ki, bu qədər mübarizə kifayət etmirmiş”.
Zəlzələ fəlakəti səbəbiylə bu həftə liqadan kənarlaşdırılan "Hatayspor"a görə meydana çıxmadan 3 xal qazanan "Anadolu qartalı"nın gənc hücumçusu daha çox çalışmalı olduqlarının vurğulayıb. Önümüzdəki həftə Konyada lider "Qalatasaray"la qarşılaşacaqlarını xatırladan Emreli bu barədə azarkeşlərə ümid verib: "Daha çox çalışmalı, mübarizə aparmalı və hücumda daha da yaradıcı olmalıyıq. Təbii ki, çatışmazlıqlarımız var, onların üzərində işləyəcəyik. Gec-tez qələbələr gələcək”.
Müsahibədə səlis türkcə danışan “Konyaspor”un yeni transferi bu barədə belə deyib: "Mən onsuz da türkəm. Bunu deməyə ehtiyac yoxdur. Biz də ailəlikcə türkcə danışırıq".