Mənzil almaq üçün verilən beh hansı hallarda geri qaytarılır?
Mənzil alarkən satıcıya verilən behin geri qaytarılıb-qaytarılmaması müqavilənin hansı səbəbdən baş tutmamasından asılıdır.
Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492-ci maddəsinə əsasən tərəflər müqaviləyə qarşılıqlı razılıqla xitam verərsə və ya öhdəliyin icrası mümkün olmazsa, beh geri qaytarılır:
“Müqavilənin icra edilməməsinə görə satıcı məsuliyyət daşıyarsa, alıcı behin iki mislini tələb edə bilər. Müqavilənin icra edilməməsinə görə alıcı məsuliyyət daşıyarsa, beh satıcıda qalır.
Bəs behlə avansın fərqi nədir?
Beh müqavilənin bağlandığını təsdiq edən və öhdəliyin icrasını təmin edən pul məbləğidir. Avans isə mənzilin qiymətinin əvvəlcədən ödənilən hissəsidir.
Əsas fərq ondadır ki, müqavilə alıcının təqsiri üzündən icra edilmədikdə beh satıcıda qala bilər. Avans isə müqavilə baş tutmadıqda, onu saxlamaq üçün hüquqi əsas yoxdursa, geri qaytarılmalıdır.
Diqqət edilməli məqam: Mülki Məcəllənin 491.2-ci maddəsinə görə, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanması ilə bağlı beh haqqında razılaşma notariat qaydasında təsdiq edilməlidir. Qanunun tələb etdiyi formaya əməl edilmədikdə, ödənilən məbləğ, əksi sübut olunmadıqda, beh deyil, avans hesab edilir”.