Azərbaycanda vergi orqanlarına müraciətlər azalıb

2025-ci ildə Azərbaycanda vergi orqanlarına 435 838 müraciət daxil olub ki, bu da 2024-cü illə müqayisədə 7,8 % azdır.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, müraciətlərin 94,7 %-i ərizə, 5,2 %-i şikayət, 0,1 %-i isə təklif olub. Müraciətlərdən 97,9 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 2,1 %-i icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 55,3 %-i həll olunub, 42,5 %-i barədə müvafiq izahat verilib digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daxil olmuş faktiki şikayətlərdən 7 647-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi borcu, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.
Ötən il Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 707, o cümlədən şəhid ailəsinin üzvü və müharibə iştirakçısı olan 47 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.