Menyu

Zuvandçay vadisinin paleolit düşərgələri haqqında monoqrafiya nəşr edilib

Şəfa Hüseynli
Zuvandçay vadisinin paleolit düşərgələri haqqında monoqrafiya nəşr edilib
1 dəq oxu

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun “Zuvandçay vadisinin paleolit düşərgələri” adlı monoqrafiyası işıq üzü görüb.

İnstitutdan Operativ Media-ya bildirilib ki, 185 səhifəlik nəşrdə Lerik rayonunun Zuvandçay vadisində yerləşən Buzeyir və Zuvandçay paleolit düşərgələrində aparılmış arxeoloji tədqiqatların nəticələri təqdim olunur.

Vadidə 1985-ci ildən etibarən aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri zamanı hər iki düşərgə qeydə alınıb. Buzeyir düşərgəsində 1985 və 1990-cı illərdə, Zuvandçay düşərgəsində isə 2011, 2012 və 2015-ci illərdə qazıntılar aparılıb. Qazıntılar zamanı 200-ə yaxın daş məmulatı və ovlanmış heyvanlara, o cümlədən quşlara aid 1000-dən artıq sümük aşkar edilib.

Zuvandçay düşərgəsində 2011-ci ildə aparılan qazıntılar göstərib ki, 1898–1902-ci illərdə Morqan qardaşlarının mağarada sistemsiz apardıqları qazıntılar nəticəsində bəzi sahələrdə çöküntülər qarışıb və təbəqələrin ilkin ardıcıllığı pozulub.

Əvvəlki tədqiqatlarda Talış dağlarında insan məskunlaşmasının tarixi 10–15 min il əvvələ aid edilirdi. Buzeyir və Zuvandçay düşərgələrindən əldə olunan arxeoloji materiallar isə müəllifə bu ərazidə insanların ən azı 100–120 min il əvvəl məskunlaşdığını irəli sürməyə əsas verir. Monoqrafiyada vadinin paleolit dövründə məskunlaşma üçün əlverişli təbii-coğrafi şəraitindən, burada yaşamış insanların ovçuluq və yığıcılıqla məşğul olmasından, daş alətlər hazırlayıb istifadə etməsindən də bəhs olunur.

Kitab girişdən, altı fəsildən və nəticədən ibarətdir. Nəşrə fransız dilində xülasə və düşərgələrdən tapılmış əmək alətlərinin fotoşəkilləri də daxil edilib.

Əlaqəli Xəbərlər