Menyu

Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyi barədə razılığa gəliblər

Operativ Media
Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyi barədə razılığa gəliblər

Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp Ukraynada uzunmüddətli atəşkəsə doğru irəliləməyin zəruriliyi barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazirin ofisi ABŞ lideri ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirib.

“Liderlər davamlı atəşkəsə nail olmaq istiqamətində irəliləyişin vacibliyi barədə razılaşıblar. Diplomatik səylər davam etdiyi bir vaxtda Baş nazir beynəlxalq tərəfdaşların Ukraynanın müdafiəsinə dəstəyini davam etdirməli olduqlarını bir daha vurğulayıb”, – deyə qeyd olunub.

Danışıqlar zamanı müzakirə edilən digər mövzu Starmerin “hökuməti üçün mütləq prioritet” adlandırdığı Arktikada təhlükəsizliyin gücləndirilməsi zərurəti olub.

Britaniya Baş naziri həmçinin Trampın Əfqanıstandakı NATO qoşunları ilə bağlı səsləndirdiyi alçaldıcı açıqlamalara da toxunub.

“Baş nazir Əfqanıstanda çiyin-çiyinə döyüşən və bir çoxu heç vaxt evə qayıtmayan Britaniya və Amerika hərbçilərinin cəsarətini və qəhrəmanlığını yüksək qiymətləndirib. O bildirib ki, onların fədakarlığı heç vaxt unudulmamalıdır”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl "Fox News"a verdiyi müsahibədə Qərbi Avropa ölkələrinin Əfqanıstandakı hərbi kampaniyada rolunu kiçiltmişdi. O, Avropa müttəfiqlərinin “cəbhə xəttindən kənarda qaldığını” iddia etmişdi. Bu açıqlama Əfqanıstanda 457 hərbçisini itirən Böyük Britaniyada ciddi narazılığa səbəb olmuşdu.

Əlaqəli Xəbərlər