Menyu

Fransada "Grinch" tankerinin kapitanı həbs edilib

Operativ Media
Fransada "Grinch" tankerinin kapitanı həbs edilib

Fransa Hərbi Dəniz Qüvvələrinin qeydiyyat məlumatlarında uyğunsuzluq şübhəsi ilə cənub sahillərinə qədər müşayiət etdiyi "Grinch" tankerinin kapitanı ilkin istintaq çərçivəsində saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Marsel" prokurorluğu məlumat yayıb.

Prokurorluğun açıqlamasına görə, 24 yanvar 2026-cı ildə tanker kursunu dəyişərək Fos-sür-Mer körfəzində lövbər saldıqdan sonra gəminin kapitanı Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən məhkəmə orqanlarına təhvil verilib. 58 yaşlı Hindistan vətəndaşı barəsində 22 yanvar 2026-cı ildən başlanmış ilkin istintaq çərçivəsində həbs-qətimkan tədbiri seçilib.

Kapitan Fransa Nəqliyyat Məcəlləsinin L5223-2 maddəsinə əsasən, bayraqsız gəmi idarə etməkdə şübhəli bilinir. Bu maddəyə görə, bir ilədək azadlıqdan məhrumetmə, 150 min avroya qədər cərimə, həmçinin hüquqpozma zamanı istifadə edilən gəmi və ya dəniz avadanlığının müsadirəsi nəzərdə tutulur. Bundan əlavə, 17 dekabr 1926-cı il tarixli Fransa qanununa əsasən, kapitanın təqsiri sübuta yetirilərsə, o, üç ilədək Fransa ərazi sularında üzmə hüququndan məhrum edilə bilər.

Prokurorluq bildirib ki, istintaqın məqsədi neft tankerinin üzərində üzən bayrağın və istismarı üçün tələb olunan sənədlərin etibarlılığını yoxlamaqdır. İstintaqın müddəti ilə bağlı məlumat verilməyib.

Qeyd olunub ki, saxlanılan tankerin bütün heyət üzvləri Hindistan vətəndaşlarıdır.

Əlaqəli Xəbərlər