Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm qoyur

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda xarici turistlərin konvertasiya olunan valyutada xərcləri 3 milyard manatdan, yerli turistlərin xərcləri isə yanvar-sentyabr ayları üzrə 4,5 milyard manatdan artıq olub. İlin yekun göstəriciləri hələ açıqlanmasa da, ilkin qiymətləndirmələrə əsasən, turist xərclərinin ümumi həcminin 9 milyard manatı ötəcəyi proqnozlaşdırılır.
Bu barədə Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə Operativ Media-ya məlumat verib.
Onun sözlərinə görə yaxın illərdə bu göstəricilərin davamlı artımı gözlənilir ki, bu da həm ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji tapşırıqlara, həm də “2026-2030-cu illər üzrə Turizmin İnkişafı Dövlət Proqramı”nın layihəsinə tam uyğundur.
“Dövlət başçısı turizm sahəsinin həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir və turizm sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Azərbaycan turizmi hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur”, - deyə K. Quluzadə bildirib.
Postpandemiya dövründə bərpa prosesləri, geosiyasi sabitliksizlik, qloballaşma və informasiya əlçatanlığının genişlənməsi fonunda dünya turizm bazarında hər bir turist üçün rəqabət getdikcə kəskinləşir. Bu şəraitdə Azərbaycan formalaşmaqda olan turizm istiqaməti kimi qlobal bazarda mövqeyini daha fəal şəkildə gücləndirməli və təqdim etməlidir.
Eyni zamanda faktiki beynəlxalq təcrübələr var ki, onların tətbiqi nəticəsində dünya üzrə bütün turizm ölkələri daha çox ziyarətçi cəlb edirlər. Bu prosesin əsas komponentlərindən biri qlobal bazarda həyata keçirilən marketinq kampaniyalarıdır.
Turizmin inkişafına ayrılan xərclər baxımından Azərbaycan dünya ölkələri arasında orta mövqelərdə qərarlaşıb, daha dəqiq desək, 119 dövlət arasında 65-ci yeri tutur. Bu göstəricilər 2024-cü il üzrə Dünya İqtisadi Forumunun Səyahət və Turizm İnkişafı İndeksindən götürülüb.
“Dövlətin səyahət və turizmin inkişafına ayırdığı xərclər” göstəricisi Dünya İqtisadi Forumunun qeyd olunan hesabatında 7 ballıq şkala üzrə qiymətləndirilir. Azərbaycanda bu göstərici 2,92 balla qiymətləndirilmişdir. Dünya üzrə orta göstərici isə 3,5 bal təşkil edir. Müqayisə üçün regiondakı qonşu ölkələrdən Gürcüstan 3,07 bal (56-cı yer), Ermənistan isə 3,31 bal (51-ci yer) ilə qiymətləndirilmişdir.
Gəlir artımını təmin etmək üçün isə daha çox investisiya tələb olunur. “Bir göstəricini də nəzərinizə çatdırmaq istərdim. 2018-2024-cü illərdə Azərbaycan Turizm Bürosu hər yeni turistin cəlb edilməsi üçün 16,7 manat xərcləmiş, dövlətin vergi gəlirləri isə 94,7 manat təşkil etmişdir. Dövlət səviyyəsində turizmin inkişafına investisiya etmək təkcə sərfəli deyil, həm də zəruridir. Çünki turizm yalnız rəqəmlərdən ibarət deyil, həm də özünü, mədəniyyətini, tarixini geniş auditoriyaya tanıtmaq baxımından ən vacib sahələrdən biridir” - deyə K. Quluzadə bildirib.
Sədr müşavirinin sözlərinə görə, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin “ekspertlər tərəfindən yenidən formatlaşdırılması” cəhdləri “sadəlöhv” görünür. Məsələn, bu günlərdə bəzi media platformaları xarici jurnalistlərin, bloger və turizm sənayesinin nümayəndələrinin Azərbaycan turizminin dünya bazarında təşviqi məqsədilə cəlb olunmasına ayrılan xərclərə “təəccüblənirlər”.
“Bu, səriştəsizliyin göstəricisidir. Turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas vasitələrindən biridir. Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarının axtarışı üçün sosial şəbəkələrə müraciət edir. Şəbəkələrdə aktiv olmaq sadəcə bizim seçimimiz deyil, bir zərurətdir. Bu istiqamətdə artıq qeyd etdiyim kimi, xərclər baxımından, hətta qonşularımızdan da geriyə qalmışıq. Buna görə də yaxın gələcəkdə ən azından rəqabət qabiliyyətimizin artırılması üçün biz məşhur şüarda deyildiyi kimi, nəinki təkcə onlara çatmalı, hətta onları ötüb keçməliyik”.
Sədr müşavirinin sözlərinə görə, Azərbaycan yaxın illərdə xarici turistlərin cəlb edilməsi və daxili turizm bazarının inkişafı sahəsində keyfiyyət və kəmiyyət baxımından kəskin artım nümayiş etdirməyi planlaşdırır. “Ölkənin potensialı buna imkan verir. Hazırda postpandemiya bərpa prosesini tamamlayırıq. Növbəti beş il ərzində həm ziyarətçi sayı , həm turizmin ÜDM-də payının artması, həm dövlət və sənaye gəlirləri, həm yeni iş yerlərinin açılması, həm də ölkənin daha da tanınması baxımından artım təmin olunacaq”.