KİV: Britaniya "nüvə çətiri"ni İsveçə genişləndirməyi müzakirə edir

Böyük Britaniya “nüvə çətiri”nin İsveçə şamil edilməsi imkanını müzakirə edir.
Operativ Media xəbər verir ki, bu barədə The Daily Telegraph qəzeti Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, nüvə silahları vasitəsilə çəkindirmə məsələsi Böyük Britaniyanın baş naziri ilə İsveçin baş naziri Ulf Kristersson arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Nəşr qeyd edir ki, danışıqlar hazırda ilkin mərhələdədir.
Bildirilir ki, müzakirələrin Böyük Britaniyanın nüvə silahı daşıyıcılarının İsveç ərazisində birbaşa, daimi və ya müvəqqəti yerləşdirilməsi ilə bağlı olub-olmadığı, yaxud yalnız mümkün münaqişə halında Stokholmun Londonun nüvə imkanlarından istifadə etməsinə dair təhlükəsizlik zəmanətlərini əhatə edib-etmədiyi hələlik məlum deyil. Qəzet vurğulayır ki, 2024-cü ilin martında NATO-nun tamhüquqlu üzvünə çevrilən İsveç Fransa ilə də oxşar müzakirələr aparır.
Qeyd edək ki, Böyük Britaniyanın nüvə arsenalı ABŞ istehsalı olan Trident II (D5) ballistik raketləri ilə təchiz edilmiş dörd “Vanguard” sinifli sualtı qayıqda yerləşdirilib. 2025-ci ilin iyun ayında isə Keyr Starmer Londonun ABŞ-dən B61-12 taktiki termonüvə bombalarını daşıya bilən 12 ədəd F-35A qırıcı təyyarəsi alacağını açıqlayıb.