"PAŞA Bank" səhmlərinin 5 %-ni hərraca çıxaracaq

"PAŞA Bank" ASC 354,512 milyon manatlıq nizamnamə kapitalının təxminən 5 %-ni təşkil edən, hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd səhmini hərraca çıxaracaq.
Operativ Media xəbər verir ki, bunu Bankın İdarə Heyətinin (İH) sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib.
"Bu göstərici "PAŞA Bank"ın maliyyə dayanıqlığını və gələcək gəlir potensialını nəzərə almaqla formalaşdırılıb. Bankın səhmdarlarının qərarı və İH-nin tövsiyəsi ilə bu sərvətimizin bir hissəsini potensial investorlarla - fiziki şəxslərlə bölüşməyi planlaşdırırıq. Eyni zamanda, digər mühüm məqsədimiz Azərbaycanda kapital bazarlarının inkişafına və böyüməsinə dəstək verməkdir, bazarın daha aktiv olmasına öz faydamızı verməkdir.
Burada bir məsələni xüsusi qeyd eləmək istərdim. Bəzən belə düşünülür ki, səhm satışı, IPO prosesi yalnız iri və imkanlı investorlar üçündür. Əslində bizim yerli IPO bunun tam əksini nəzərdə tutur. Biz istəyirik ki, bu proses pərakəndə investorlar, yəni fiziki şəxslər üçün, əhali üçün əlçatan olsun. İnsanlar kiçik məbləğlərlə yerli banklar və yerli broker tətbiqləri vasitəsilə bu prosesdə iştirak edə bilsinlər. Bu, fiziki şəxslərə depozitlər və istiqrazlarla yanaşı, ölkənin uzunmüddətli iqtisadi inkişafında pay sahibi olmaq imkanı yaradır. Eyni zamanda, biz bunu maliyyə savadlılığı baxımından da vacib mərhələ hesab edirik. Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını gücləndirməyi və Azərbaycan iqtisadiyyatına töhfə verməyi hədəfləyir", - deyə o qeyd edib.