Menyu

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifinə hazırlıq mərhələsi üzrə mətbuat konfransı keçirib

Şəfa Hüseynli
PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifinə hazırlıq mərhələsi üzrə mətbuat konfransı keçirib

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifinə hazırlıq mərhələsi üzrə mətbuat konfransı keçirib.

Operativ Media xəbər verir ki, tədbir 28 yanvar 2026-cı il tarixində Bakıda, Four Seasons hotelində təşkil olunub.

Ölkənin aparıcı korporativ maliyyə institutu olan PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklif (IPO – Initial Public Offering) üsulu ilə yerləşdirilməsi prosesinə hazırlıqla bağlı ictimaiyyətə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib ki, IPO təşəbbüsü maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və Azərbaycanın kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.

Onun sözlərinə görə, səhmlərin IPO vasitəsilə yerləşdirilməsi PAŞA Bank üçün növbəti strateji inkişaf mərhələsidir. Cavid Quliyev vurğulayıb ki, IPO prosesinə qoşulan ilk özəl bank məhz PAŞA Bankdır.

“Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərin yerləşdirilməsi bankın daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan maliyyə institutu kimi fəaliyyətini genişləndirməyə imkan verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi bank kapitalının 5 faizinə bərabərdir və 932 926 ədəd adi, adlı səhmdən ibarətdir”, – deyə Bankın baş icraçı direktoru qeyd edib.

Cavid Quliyev əlavə edib ki, PAŞA Bank uzun illərdir real sektorun etibarlı maliyyə tərəfdaşı kimi fəaliyyət göstərir və bu missiyanı uğurla davam etdirir. Onun sözlərinə görə, dayanıqlı və məqsədyönlü inkişaf bankın səhm bazarına çıxışına zəmin yaradıb və bu addım qeyri-neft sektorunun inkişafına daha güclü töhfə vermək üçün yeni imkanlar açır.

Qeyd edək ki, PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir.

PAŞA Bank Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Euromoney, International Investor və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlara, o cümlədən Ən yaxşı KOS bankı və World’s Best Private Banks 2025 titullarına layiq görülüb. 2025-ci ildə isə Stevie Awards tərəfindən İlin şirkəti nominasiyasında Gold Stevie mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Fotogalereya

Əlaqəli Xəbərlər