Yaponiya və NATO kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər

Yaponiya və NATO kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazirliyin məlumatına görə, Yaponiya ilə NATO arasında kibertəhlükəsizlik üzrə ikinci ikitərəfli görüş yanvarın 27-də Brüsseldə keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Milli Kibertəhlükəsizlik Komitəsinin nümayəndələri, eləcə də NATO-nun Rəqəmsal Transformasiya və Kibertəhlükəsizlik üzrə Baş katibinin müavini Jan-Çarlz Ellermann-Kingombe iştirak ediblər.
Bəyanatda qeyd olunub ki, tərəflər kibertəhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Qeyd edək ki, Yaponiya son illərdə NATO ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. 2025-ci ilin yanvarında Brüsseldə Yaponiyanın NATO yanında ayrıca daimi nümayəndəliyi açılıb. Aprel ayında isə NATO-nun baş katibi Mark Rutte Tokioya səfər edib və o dövrdəki baş nazir Şigeru İşiba ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.