Menyu

Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

Operativ Media
Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə genişlənməkdədir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatları – südlük və ətlik mal-qara, həmçinin xırdabuynuzlu heyvanlar da sığortalanır.

Aqrar Sığorta Fondundan Operativ Media-ya bildirilib ki, 2025-ci ilin nəticələrinə əsasən, ölkədə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb. Ötən il ölkə üzrə 6935 baş iri və xırdabuynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3276 heyvan sığortalanmışdı.

Qeyd edək ki, dövlət dəstəkli aqrar sığorta mexanizmində sığorta haqqının 50 faizini fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə heyvanları sığorta etdirə bilirlər. Belə ki, mövcud tariflərə əsasən, 1000 manatlıq iribuynuzlu mal-qaranın (inək, camış) sığortalanması fermerə 24–39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanların (qoyun, keçi) sığortalanması isə 7–10 manata başa gəlir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Bunun müqabilində heyvandarlıq təsərrüfatlarına verilən sığorta təminatı 46 milyon manatı keçib. Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəliklərdən, yemdən və otdan zəhərlənmədən, yanğından, ilan və həşərat sancmasından, vəhşi heyvanların hücumundan, təbii fəlakətlərdən, üçüncü şəxslərin hərəkətlərindən və sair hallardan sığorta edir. Bu hadisələr nəticəsində tələf olan heyvanlara görə sığorta ödənişləri həyata keçirilir.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər görmüş fermer və təsərrüfatlara heyvandarlıq sığortası üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.

Ötən il ən çox sığorta ödənişləri yoluxucu xəstəliklər, yemdən zəhərlənmə və vəhşi heyvanların hücumları üzrə edilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar, heyvandarlıq sığortasının şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Əlaqəli Xəbərlər