Azərbaycan və Lüksemburq maliyyə sektorunda əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Operativ Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun baş direktoru Şahin Mahmudzadə ATTF-ın nümayəndə heyəti ilə görüşüb. Səfər çərçivəsində ATTF heyəti həmçinin "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri, eləcə də bankların tədris və inkişaf üzrə struktur bölmələrinin nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib.
Görüşlər zamanı ATTF-in dəstəyi ilə Azərbaycan üçün təşkil olunmuş təlimlər barədə rəylər öyrənilib, mövcud təlim ehtiyacları üzrə məlumat toplanıb və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.