Menyu

AMB əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirir

Operativ Media
AMB əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirir

Hazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”ndə həyata keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən ödənişsiz əsasda həyata keçiriləcəkdir. Həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaqdır.

Yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək həyata keçiriləcəkdir.

Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC tərəfindən həyata keçirilməsi davam edəcəkdir.

Qeyd edək ki, Mərkəzi Bankın “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na (https://e-qanun.az/framework/45796) uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.

Əlaqəli Xəbərlər