Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir
Azərbaycan Turizm Bürosunun (ATB) nəzdində fəaliyyət göstərən Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı (TBSO) tərəfindən icra olunan sertifikatlaşdırma prosesi çərçivəsində 157 turizm bələdçisi müvafiq imtahan mərhələlərini uğurla tamamlayıb.
Operativ Media xəbər verir ki, qiymətləndirmə prosesi müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil olunaraq, nəzəri biliklərin və praktiki bacarıqların yoxlanılmasını əhatə etməklə peşəkar bələdçi-ekspertlərin iştirakı ilə aparılıb.
Sertifikatlaşdırılmış 157 bələdçiyə vahid “Turizm bələdçisi” vəsiqəsi təqdim olunub və onların siyahısı ATB-nin rəsmi veb-saytının əsas səhifəsində “Sertifikatlaşdırılmış turizm bələdçiləri” bölməsinə (https://tourismboard.az/az/certified-guides) yerləşdirilib.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi davamlı xarakter daşıyır. Namizədlərin müraciətləri mütəmadi əsasda qəbul olunur və təqdim olunan sənədlər müvafiq qiymətləndirmə mərhələsinə yönləndirilir. Sertifikat almaq üçün tələb olunan bütün mərhələləri uğurla tamamlayan turizm bələdçiləri barədə məlumatlar müntəzəm olaraq yenilənərək qeyd olunan bölmədə dərc ediləcək.
Turizm bələdçilərinin müvafiq qiymətləndirmə mexanizmləri əsasında sertifikatlaşdırılması turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, peşəkar səriştəliliyin gücləndirilməsinə və turist məmnuniyyətinin artırılmasına töhfə verir. Eyni zamanda bu proses turizm bazarında standartlara uyğun və etibarlı bələdçilərin fəaliyyətinin təmin olunmasına xidmət edir.
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, sertifikatlaşdırılmış turizm bələdçiləri dövlət və bələdiyyə mülkiyyətində fəaliyyət göstərən muzeylərə, qalereyalara və dövlət qoruqlarına ödənişsiz daxil olmaq hüququna malikdirlər.