Menyu

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri - ŞƏRH

Ayşən Sadıxzadə
Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri - ŞƏRH

“İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət dünyada dostlarımızın sayını artırır. Bu baxımdan Serbia da əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyi dost ölkələrdəndir. Biz bir-birimizin ərazi bütövlüyünü hər zaman dəstəkləmiş, münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün bir-birimizin yanında olmuşuq”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib. 

O bildirib ki, Aleksandar Vuçiç Prezident İlham Əliyevin liderlik təcrübəsinə böyük hörmətlə yanaşır və beynəlxalq platformalarda açıq şəkildə ondan çox şey öyrənməli olduqlarını bildirir:

“Çünki Prezident İlham Əliyev əraziləri işğaldan azad edən, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll edən, regionda sülh və əməkdaşlıq reallıqları yaradan, eyni zamanda ölkəsinin yüksək inkişafına nail olan nadir dövlət başçılarındandır.

Azərbaycan–Serbiya əlaqələri dövlət başçılarının dostluq münasibətləri əsasında gündən-günə möhkəmlənir. Ölkələrimiz arasında imzalanmış 57 sənəd əməkdaşlıq üçün geniş hüquqi baza yaradıb. Dövlət başçısının Serbiyaya səfəri çərçivəsində ilk dəfə olaraq Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilib.

Şura iclasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub və əlavə 7 sənəd imzalanıb.

Ölkələrimiz arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Belə ki, 2012-ci ildə Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 35 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm artaraq 134,7 milyon dollara çatıb. Azərbaycan Serbiyaya qaz, neft məhsulları və kənd təsərrüfatı malları ixrac edir.

Dövlət başçılarının Belqradda keçirdiyi birgə mətbuat konfransında Aleksandar Vuçiç Azərbaycan məhsullarının, o cümlədən Zirə qəsəbəsində yetişdirilən xiyar və pomidorun keyfiyyətinə və qiymət baxımından rəqabət qabiliyyətinə diqqət çəkib.

Azərbaycan Serbiya iqtisadiyyatına investisiyalar yatırır. Ölkəmiz Serbiyada yol tikintisi layihələrinə kreditlər ayırıb və hazırda 500 meqavat gücündə istilik elektrik stansiyasının tikintisi ilə bağlı razılaşmalar imzalanıb. Bu baxımdan Serbiyaya ixrac ediləcək qazın həcmlərinin artırılması da nəzərdə tutulur. Eyni zamanda gələcəkdə Serbiyaya elektrik enerjisinin ixracı planlaşdırılır.

May ayından etibarən Bakı–Belqrad birbaşa aviareyslərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu, həm əməkdaşlığın dərinləşdirilməsinə yeni imkanlar açacaq, həm də turizm sahəsində münasibətlərin inkişafına əlavə impuls verəcək.

Azərbaycanla Serbiya arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Dövlət başçılarının qarşılıqlı və müntəzəm səfərləri, eləcə də beynəlxalq platformalarda görüşləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir”.

Əlaqəli Xəbərlər