Yeni Zelandiya Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib
Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib və Rusiya neftinin qiymətinə tətbiq edilən yuxarı həddi əvvəllər Aİ tərəfindən müəyyənləşdirilmiş səviyyəyə — 44,10 dollara endirib.
Operativ Media xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Qeyd olunur ki, 20 fevral 2026-cı il tarixindən etibarən sanksiya siyahısına dəyişiklik edilərək 23 fiziki şəxs, 13 müəssisə və 100 dəniz gəmisi əlavə olunub. Həmçinin Rusiya mənşəli xam neftin qiymətinin yuxarı həddinin bir barel üçün 47,60 dollardan 44,10 dollara endiriləcəyi açıqlanıb.
Yeni Zelandiyada iqtisadi məhdudiyyətlərə məruz qalan təşkilat və şəxslərin yenilənmiş reyestrinə əsasən, Rusiyanın “Garantex” kriptovalyuta birjasının rəhbərləri, Vellinqtonun “QRU zabitləri” kimi təqdim etdiyi bir neçə Rusiya vətəndaşı, eləcə də İranın aparıcı pilotsuz uçuş aparatı istehsalçısı olan “Qods Aviation Industries” şirkətinin üç nümayəndəsi də siyahıya daxil edilib.