Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb
ABŞ Müdafiə Kəşfiyyat Agentliyi ABŞ-ın 2022–2024-cü illərlə müqayisədə 2025 və 2026-cı illərdə Ukraynaya göstərdiyi yardımı 44 dəfə azaltdığını müəyyən edib.
Operativ Media xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişliyi, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ofisləri tərəfindən Konqres üçün birgə hazırlanmış və 19 fevral tarixində dərc olunmuş hesabatda bildirilir.
Sənəddə Vaşinqtonun 1 iyul–31 dekabr 2025-ci il tarixlərində Kiyevi dəstəkləmək məqsədilə həyata keçirdiyi tədbirlər, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun artırılması məqsədi daşıyan Atlantik Qətiyyət Əməliyyatı təhlil edilir.
Hesabatda qeyd olunur ki, 2022, 2023 və 2024-cü illərdə Ukraynaya müxtəlif hərbi və maliyyə yardım proqramları çərçivəsində ümumilikdə 183,58 milyard ABŞ dolları ayrılıb. 60,78 milyard dollarlıq son böyük yardım paketi ABŞ Konqresi tərəfindən 2024-cü ilin aprelində təsdiq edilib. Müəlliflər vurğulayırlar ki, həmin vaxtdan etibarən maliyyələşdirmə nisbətən az həcmdə həyata keçirilib.
Belə ki, 2025-ci ildə yardımın həcmi 3,92 milyard dollar təşkil edib, 2026-cı maliyyə ili (30 sentyabrda başa çatan dövr) üzrə isə cəmi 220 milyon dollar vəsait ayrılıb.