Naxçıvanda ümumi gücü 50 meqavat olan Günəş elektrik stansiyaları layihələri üzrə müqavilələr imzalanıb
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov, “AzərEnerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.
Nazirlikdən Operativ Media-ya bildirilib ki, görüşdə Naxçıvanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji zonası” ilə bağlı strateji baxışına uyğun inkişaf etdirildiyi, Muxtar Respublikada bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir şəbəkə infrastrukturunun qurulması və enerji sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib. Zəngəzur dəhlizinin enerji komponenti üzrə həyata keçirilən işlər, o cümlədən enerji sistemlərinin birləşdirilməsi, Naxçıvandan elektrik enerjisinin ixrac edilməsi perspektivləri nəzərdən keçirilib. Naxçıvanda 50 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi ilə bağlı “CEI Nakhchivan” MMC və “Enerso” MMC ilə əməkdaşlıq ölkəmizin yaşıl enerji gündəliyində mühüm mərhələ kimi dəyərləndirilib.
“Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regional enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpaolunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının strateji kursunda prioritet istiqamətlərdən biridir. Hazırda Naxçıvanda bərpaolunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir.
Naxçıvanda bərpaolunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcək”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Naxçıvan Muxtar Respublikasında enerji təchizatının dayanıqlılığının gücləndirilməsi və xüsusilə yay aylarında artan tələbatın qarşılanması baxımından Günəş elektrik stansiyalarının vacibliyini vurğulayıb.
Naxçıvan MR-nın iqtisadiyyat naziri Kazım Hüseynəliyev isə strateji əhəmiyyətli bu iqtisadi rayonun zəngin günəş enerjisi potensialının reallaşdırılmasında bu yeni layihələrin rolunu yüksək qiymətləndirib. Naxçıvanda yaradılacaq yeni güclərin iqtisadi inkişafa, gələcəkdə qonşu ölkələrə və Avropaya enerji ixracına da təkan verəcəyi qeyd edilib.
AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva bildirib: “İnanırıq ki, dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs regionda yaşıl investisiyaların artmasına və uzunmüddətli iqtisadi dəyərin formalaşmasına zəmin yaradacaq. Bu layihə dövlət və özəl sektor sinerjisinin real nəticəsidir. Layihə həm regionun enerji təhlükəsizliyinə töhfə verəcək, həm də Azərbaycanın bərpaolunan enerji üzrə strateji hədəflərinə xidmət edəcək”.
“Nobel Energy” şirkətinin baş kommersiya direktoru Eldar Məmmədzadə deyib: “Günəş elektrik stansiyalarının inkişafı ilə bərpaolunan enerjidən istifadənin genişləndirilməsini təmin edərək, Naxçıvanda “Yaşıl Enerji Zonası” təşəbbüsünü dəstəkləməkdən məmnunuq. “Nobel Energy” olaraq regionda müasir və dayanıqlı enerji infrastrukturunun qurulması ilə iqtisadi artıma və enerji keçidinə töhfə verməyə davam edirik”.
Yekunda Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 meqavat gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “Enerso” MMC arasında 25 meqavat gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.