Yevgeni Kukseviç: Oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur
Oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur.
Operativ Media xəbər verir ki, bunu bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra baş məşqçi Yevgeni Kukseviç deyib.
Təcrübəli mütəxəssis Qazaxıstan millisinin üstün cəhətlərini qeyd edib.
“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir. Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar “dördlüyü” və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq".
O, milli komandada lider futzalçının olmadığını vurğulayıb.
"Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi. Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük. Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.
Qeyd edək ki, Azərbaycan futzal millisi bu gün yoxlama oyununda Qazaxıstan millisinə 9-2 hesabı ilə məğlub olub