İslam İnkişaf Bankı Qazaxıstana infrastruktur üçün 1,3 milyard dollar ayıracaq
Qazaxıstanın sənaye və tikinti naziri Yersayın Nağaspayev Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Danışıqlar zamanı tərəflər İslam İnkişaf Bankının Qazaxıstanın maliyyə institutları ilə əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini, eləcə də sənaye infrastrukturu və mühəndis şəbəkələrinin modernləşdirilməsi daxil olmaqla prioritet iqtisadi sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün yekununda Bank ilə Sənayenin İnkişafı Fondu arasında xüsusi iqtisadi zonalar (XİZ) və sənaye zonalarının infrastrukturunun tikintisi və modernləşdirilməsinin maliyyələşdirilməsi üçün 1,3 milyard ABŞ dolları məbləğində vəsaitin cəlb olunmasına dair çərçivə sazişi imzalanıb.
Həmçinin Bank ilə Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi arasında 1,3 milyon ABŞ dolları məbləğində texniki yardım qrantının ayrılması barədə razılaşma əldə olunub.
Qeyd olunub ki, qrant dəstəyi XİZ-lərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, proseslərin rəqəmsallaşdırılmasına, müasir inzibatçılıq standartlarının tətbiqinə və idarəedici şirkətlərin peşəkar bacarıqlarının artırılmasına yönəldiləcək.
Bu tədbirlərin həyata keçirilməsi investisiyaların cəlb edilməsinə və ixracyönümlü istehsalın inkişafına hesablanmış daha şəffaf və səmərəli fəaliyyət modelinin yaradılmasına imkan verəcək.
Ötən il Qazaxıstanda üç yeni xüsusi iqtisadi zonanın yaradıldığı da bildirilib.