Pakistan Müdafiə Nazirliyi Əfqanıstanla müharibə barədə xəbərdarlıq edib
Pakistanın müdafiə naziri bəyan edib ki, ölkəsi ilə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti arasında artıq açıq silahlı qarşıdurma mövcuddur.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Pakistanın səbr kasası dolub və artıq iki ölkə arasında açıq müharibə vəziyyəti yaranıb. O vurğulayıb ki, coğrafi yaxınlıq səbəbindən Pakistan hərbçiləri rəqibini və onun zəif tərəflərini yaxşı tanıyır.
Xavaca Asif Kabulu Əfqanıstanı Hindistanın koloniyasına çevirməkdə, terrorizmi təşviq və ixrac etməkdə, eləcə də əhaliyə təzyiq göstərməkdə ittiham edib. Nazir həmçinin qeyd edib ki, Əfqanıstanda insanlar əsas hüquqlardan məhrum edilib, qadınlara İslamın verdiyi hüquqlar belə əlindən alınıb.
Məlumata görə, cümə axşamı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər başlayıb.