İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulur? - AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin ixtisar olunması zamanı ödənilən birdəfəlik müavinətlər haqqında açıqlama yayıb.
Operativ Media xəbər verir ki, məlumata görə, işçilərin sayı və ya ştatlar ixtisar olunduqda, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir:
1. 1 ilədək əmək stajı – azı 2 təqvim həftəsi
2. 1–5 il arası – azı 4 təqvim həftəsi
3. 5–10 il arası – azı 6 təqvim həftəsi
4. 10 ildən çox staj – azı 9 təqvim həftəsi
Eyni zamanda, Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən, işdənçıxarma müavinətləri əmək stajına görə ödənilir:
1. 1 ilədək staj – orta aylıq əməkhaqqı miqdarında
2. 1–5 il – orta aylıq əməkhaqqının 1,4 misli
3. 5–10 il – orta aylıq əməkhaqqının 1,7 misli
4. 10 ildən çox staj – orta aylıq əməkhaqqının 2 misli
Vergi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar ödənilən bu təminatlar, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına verilən fərdi birdəfəlik ödəmələr və maddi yardımlar gəlir vergisindən azaddır.
Beləliklə, ixtisar olunan işçilərə əmək müqaviləsinə əsasən ödənilən birdəfəlik müavinətlər vergiyə cəlb edilmir.