Fransa Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirəcək
Prezident Emmanuel Makron Fransanın hərbi mövcudluğunu və müdafiə dəstəyini gücləndirəcəyini bəyan edib.
Operativ Media xəbər verir ki, o, bu haqda martın 1-də keçirilən Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasından əvvəl danışıb.
O bildirib ki, bu addım "təhlükəsizlik müqavilələri imzalanmış tərəfdaşlara yaxın olmaq və ölkənin mövqeyini son saatlarda baş verən hadisələrə uyğunlaşdırmaq" məqsədi daşıyır.
Paris daha əvvəl ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan xəbərsiz olduğunu və bu əməliyyatlarda iştirak etmədiyini açıqlamışdı. "Politico" nəşrinin məlumatına görə, Makron ilkin olaraq diplomatik münasibətlərin bərpasına çağırış etsə də, bazar günü İranın iki pilotsuz uçuş aparatının (PUA) Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Fransa dəniz bazasına hücumundan sonra onun ritorikası kəskin dəyişib.
Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə bazar günü axşam yaydığı birgə bəyanatda "bölgədəki maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq" üçün ABŞ və digər ölkələrlə əməkdaşlıq edəcəyini vurğulayıb. Sənəddə aydınlaşdırılır ki, bu əməkdaşlıq "İranın raket və PUA buraxılış imkanlarını mənbəyində məhv etmək üçün zəruri və mütənasib müdafiə tədbirlərinin görülməsini" əhatə edə bilər.
"BFMTV"-nin məlumatına görə, Fransa öz təyyarədaşıyan gəmisini Baltik dənizindən Şərqi Aralıq dənizinə köçürməyi planlaşdırırdı. Lakin iki fransız rəsmisi "POLITICO"-ya açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.