Gəliri yüksək olanlara kredit aşağı faizlə verilir? - VİDEO
Kredit götürən şəxsin aylıq gəliri yüksək olduqda banklar ona daha aşağı faizlə kredit təklif edə bilər. Əmək haqqısı aşağı olan şəxslər üçün isə kredit faizləri adətən daha yüksək müəyyən edilir. Hazırda bir çox kredit təşkilatlarında bu yanaşma tətbiq olunur.
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı XəzərXəzər-ə danışan iqtisadçı Eldəniz Zəmirov bildirib ki, banklar kredit verərkən mümkün riskləri minimuma endirməyə çalışırlar:
"Bu zaman əsas meyarlardan biri borcalanın rəsmi aylıq gəliridir. Gəliri yüksək olan şəxslərin krediti vaxtında geri qaytarma ehtimalı da daha yüksək hesab olunur".
Ekspert qeyd edir ki, borcu qaytarmaq imkanı nə qədər yüksəkdirsə, kredit üzrə faiz dərəcəsi də bir o qədər aşağı olur. Əgər borcun qaytarılması ilə bağlı risk yüksək qiymətləndirilirsə, banklar bu riski kompensasiya etmək üçün faiz dərəcələrini artırırlar.
İqtisadçının sözlərinə görə, kredit riskinin qiymətləndirilməsi zamanı yalnız gəlir deyil, digər amillər də nəzərə alınır. Məsələn, girov və ya zəmanətin olması kredit faizinə təsir edə bilər. Bəzi hallarda şəxsin gəliri aşağı olsa belə, girov və ya etibarlı zəmanət olduqda banklar ona daha münasib şərtlərlə kredit təqdim edə bilirlər.
Bundan başqa, borcalanın kredit tarixçəsi də mühüm rol oynayır. Əgər şəxsin kredit tarixçəsi müsbətdirsə və əvvəlki öhdəliklərini vaxtında yerinə yetiribsə, bu da kredit şərtlərinə, o cümlədən faiz dərəcəsinə müsbət təsir göstərir.
Ekspert bildirir ki, bu yanaşma yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur. Kredit verilərkən müştərinin gəliri, iş yeri, kredit tarixçəsi və digər maliyyə göstəriciləri nəzərə alınaraq uyğun şərtlər müəyyən edilir.