4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.
Operativ Media xəbər verir ki, Proqramın əhatə dairəsi genişlənir. “Azərsun Holdinq” qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” (qeyd: əvvəlki “Sənaye 4.0 Hazırlıq” Proqramı) “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.