Azərbaycanın şərab və spirtli içkiləri Almaniyada beynəlxalq sərgidə nümayiş olunur
Azərbaycan məhsulları Almaniyanın Düsseldorf şəhərində keçirilən "ProWein 2026" - 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Məlumata əsasən, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 11 şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.
Stenddə müxtəlif növ şərab və digər spirtli içki məhsulları nümayiş olunur, dequstasiyalar keçirilir. Bundan başqa, stenddə Azərbaycana sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, iştirakçı şirkətlər barədə təşviqat material və videoçarxları təqdim edilir.
Xatırladaq ki, 1994-cü ildən keçirilən "ProWein" sərgisi şərab və spirtli içkilər sahəsində dünyanın aparıcı beynəlxalq platformalarından biridir. Mart 15-17-də keçirilən builki sərgi 60-dan çox ölkədən təxminən 4 min iştirakçını bir araya gətirib. Azərbaycan sərgidə dördüncü dəfədir ki, iştirak edir.