Yeddi ölkə Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə bəyanat yayıb
Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Niderland və Yaponiyanın dövlət və hökumət başçıları Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Operativ Media xəbər verir ki, liderlər Körfəzdə İran tərəfindən silahsız ticarət gəmilərinə edilmiş son hücumları, neft və qaz obyektləri daxil olmaqla, mülki infrastruktura qarşı hücumları və İran qüvvələri tərəfindən Hörmüz boğazının bağlanmasını pisləyib, gərginliyin getdikcə artmasından dərin narahatlıqlarını ifadə ediblər.
İrandan dərhal təhdidləri, dron və raket hücumlarını dayandırmaq, eləcə də minalar yerləşdirmək, ticarət gəmilərinin boğazdan keçməsini əngəlləməyə yönəlmiş digər cəhdlərdən çəkinmək tələb olunub.
Bəyanatda BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə uyğun olaraq, beynəlxalq gəmilərə müdaxilə və qlobal enerji təchizat zəncirlərinin pozulmasının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyi vurğulanıb.
Bu baxımdan neft və qaz obyektləri də daxil olmaqla, mülki infrastruktur üzərində hücumlara genişmiqyaslı moratoriumun dərhal tətbiq olunması tələb edilib.
Qeyd olunan ölkələrin liderləri Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.
Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin strateji neft ehtiyatlarının əlaqələndirilmiş şəkildə sərbəst buraxılması barədə qərarı alqışlanıb, enerji bazarlarını sabitləşdirmək üçün tədbirlərin görüləcəyi, o cümlədən istehsalçı ölkələrlə əməkdaşlıq ediləcəyi bildirilib.
Bəyanatda, bu böhranın ən çox təsir etdiyi ölkələrə BMT və beynəlxalq maliyyə institutları vasitəsilə dəstək göstərilməsinə çalışılacağı diqqətə çatdırılıb.