ABŞ-nin BMT-dəki nümayəndəsi: "Pentaqon İrana qoşun yeridilməsi ssenarilərini hazırlayır"
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts, Pentaqonun prezident Donald Trampın sərəncamında bütün mümkün fəaliyyət variantlarının olması üçün İran ərazisinə qoşun yeridilməsi planlarını hazırladığını istisna etməyib.
Operativ Media xəbər verir ki, diplomat bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Uolts qoşunların İrana göndərilmə ehtimalı barədə suala cavab verərkən deyib: "Mən Pentaqonun bütün ssenariləri planlaşdıracağını tam gözləyirəm. Onlar prezidentə məqsədlərimizə nail olmaq üçün zəruri hesab etdiyi variantları seçə bilməsi üçün təlim keçmiş, döyüşə hazır və yaxşı təchiz olunmuş əsgərlər, dənizçilər, pilotlar və dəniz piyadaları ilə təmin olunmuş fəaliyyət planları təqdim edirlər".
Diplomat Pentaqonun hərbi planlaşdırmada guya uğursuzluğa düçar olması ilə bağlı xəbərləri rədd edərək, bunları CNN teleşirkətinin "feyk xəbərləri" adlandırıb. Uoltsun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu cür ssenariləri uzun illərdir planlaşdırır.