BMT: Yaxın Şərqdəki gərginlik ərzaq təchizatına təsir göstərir
Yaxın Şərqdəki gərginlik səbəbindən yoxsul ölkələr üçün nəzərdə tutulan on minlərlə ton ərzaq yardımı bloklanıb. Operativ Media "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramı (DƏP) xəbərdarlıq edib ki, tədarükdəki fasilələr davam edərsə, milyonlarla insan aclıq təhlükəsi ilə üzləşə bilər.
DƏP-in tədarük zənciri üzrə direktoru Korinn Fleyşer bildirib ki, logistik nasazlıqlar və marşrutların dəyişməsi səbəbindən açıq dənizdə təxminən 70 min ton ərzaq ilişib qalıb. Təşkilat xatırladıb ki, tədarükdəki bu problemlər iyun ayına qədər davam edərsə, dünya miqyasında kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayı 45 milyon nəfər artacaq.
Tədarük zəncirindəki qırılmalar xüsusilə konteynerlərlə daşınan 30 min tona yaxın ərzağa (konservlər, noxud və xüsusi qidalı məhsullar) təsir göstərib. Nəşr qeyd edir ki, Hörmüz boğazının faktiki bağlanması və Qırmızı dənizdəki təhlükələr daşıyıcıları gəmiləri Afrika ətrafından, Ümid burnu vasitəsilə yönləndirməyə məcbur edib. Bu isə çatdırılma müddətini və xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Məsələn, Yəmən üçün nəzərdə tutulan təxminən 21 min ton buğda Omanda bloklanmış vəziyyətdədir, Konqo Demokratik Respublikasına göndərilən yüklər isə Tanzaniya limanlarında gecikir. Əhalisinin üçdə birinin aclıq təhlükəsi ilə üzləşdiyi Əfqanıstanı təmin etmək üçün DƏP BƏƏ-dən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə ərazisindən keçən alternativ quru marşrutundan istifadə etməyə başlayıb. Bu isə logistika və yanacaq xərclərinin kəskin artmasına səbəb olub.