İran və Türkiyə xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu haqda İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş tutan telefon danışığı zamanı regional proseslər, habelə ABŞ və İsrailin qeyri-qanuni müharibəsinin bölgə və dünya təhlükəsizliyinə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
İranın xarici işlər naziri təcavüzkar tərəflərin İran xalqına qarşı törətdiyi cinayətləri, xüsusilə məktəblərə, xəstəxanalara və yaşayış məntəqələrinə edilən hücumları diqqətə çatdıraraq, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək əzmində olduğunu vurğulayıb:
"İranın bölgə ölkələrindəki hərbi bazaları və təcavüzkarların infrastrukturunu hədəf alması özünümüdafiə hüququ çərçivəsindədir. Təəssüf edirik ki, regiondakı İslam ölkələrinin ərazilərindən ABŞ və İsrailin İrana qarşı hücumları üçün sui-istifadə olunur."
Abbas Əraqçi ABŞ və İsrailin hərbi təcavüzünün regional sabitliyə və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə mənfi təsirlərinə toxunaraq bildirib:
"Hörmüz boğazında yaranmış qeyri-sabitlik ABŞ və sionist rejimin hərbi təcavüzünün birbaşa nəticəsidir. Region ölkələri və beynəlxalq ictimaiyyət bu vəziyyəti yaradanları törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməlidir."
Türkiyənin xarici işlər naziri Hakan Fidan müharibənin davam etməsinin fəsadlarını qeyd edərək, region ölkələrinin rəsmiləri ilə apardığı son məsləhətləşmələr barədə məlumat verib. O, gərginliyin azaldılması üçün səylərin artırılmasının, İran və bölgə ölkələri arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.