Pakistan və Əfqanıstan arasında atəşkəs müddəti başa çatıb
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılığın müddəti yerli vaxtla martın 24-ü saat 00:00-da (Bakı vaxtı ilə martın 23-ü, saat 23:00) başa çatıb.
Operativ Media xəbər verir ki, tərəflər atəşkəsin uzadılması barədə hələlik rəsmi məlumat verməyiblər.
Martın 20-də Əfqanıstan ordusunun Baş Qərargah rəisi Kari Fasihuddin Fitrat Pakistan hərbçilərinin atəşkəs rejimini pozduğunu bəyan edib. Onun sözlərinə görə, Pakistan qüvvələrinin sərhədyanı bölgələrə hücumları nəticəsində bir neçə dinc sakin həlak olub. İslamabad isə atəşkəsin pozulması ilə bağlı ittihamları rədd edib.
Qeyd edək ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən alovlanmışdı. Kabil bu əməliyyatları Pakistanın Əfqanıstan ərazisinə endirdiyi aviazərbələrə cavab olaraq keçirdiyini bildirmişdi. Pakistanın müdafiə naziri Xavacə Asif isə ölkəsinin "Taliban" hökuməti ilə açıq hərbi qarşıdurma vəziyyətində olduğunu bəyan etmişdi.
Martın 18-də İslamabad və Kabil Müqəddəs Ramazan bayramı (İd əl-Fitr) münasibətilə beşgünlük atəşkəs elan etmişdilər. Tərəflərin məlumatına görə, bu qərar Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin vasitəçiliyi ilə qəbul olunmuşdu. Hər iki ölkənin rəsmiləri xəbərdarlıq etmişdilər ki, razılaşmanın hər hansı formada pozulması hərbi əməliyyatların dərhal bərpasına səbəb ola bilər.