Menyu

Aksizli malların siyahısı: yeni məqamlar, dərəcələr

Operativ Media
Aksizli malların siyahısı: yeni məqamlar, dərəcələr

2026-cı ilin 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də aksizli mallarla bağlıdır. Bu ildən bəzi məhsulların aksiz dərəcələri artırılıb. Eləcə də malların siyahısına yeniləri əlavə edilib.

Operativ Media “vergiler.az”a istinadən xəbər verir ki, yenilikləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 190-cı maddəsinə edilən dəyişikliklərlə aksizli malların siyahısına iki yeni mal əlavə edilib:

- dövlәt qeydiyyatına alınmalı olan kvadrisikllәr (maddə 190.1.9-1);

- mobil cihazlar (maddə 190.1.13).

Kvadrisikl dörd təkərli, ölçüsünə və gücünə görə avtomobildən daha kiçik olan nəqliyyat vasitəsidir və motosikllə avtomobil arasında aralıq kateqoriyaya aid edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi haqqında Әsasnamə”yə əsasən, mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır. Bu göstəricilərə uyğun gələn kvadrisikllər aksizli mallar hesab edilir.

Mobil cihaz anlayışı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq müəyyən edilir.

Vergi Məcəlləsinin 188-ci maddəsi aksizdən azadolma və güzəştləri müəyyən edir. Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 190-cı maddəsinə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunub və ümumi qaydada idxal olunan mobil cihazlar aksiz vergisinə cəlb edilir.

Lakin Vergi Məcəlləsinin 188.1.11-ci maddəsinə əsasən, təqvim ili ərzində 1 ədəd mobil cihaz aksiz vergisindən azaddır. Tutaq ki, fiziki şəxs 2026-cı il ərzində 3 ədəd mobil cihaz idxal etdikdə, aksiz vergisi yalnız 2 ədəd mobil cihaza tətbiq ediləcək.

Qeyd edək ki, aksiz vergisi 20 manat müəyyən edilib. Eləcə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik nəticəsində təqvim ili ərzində 1 (bir) ədəddən artıq istənilən mobil cihazın hər biri üçün 100 manat məbləğində dövlət rüsumu tətbiq ediləcək.

Minik avtomobillərinə görə aksiz vergisi

Vergi Məcəlləsinin 190.4.1-4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixinin 7 ildən artıq olması halında aksiz vergisi bu Məcəllənin 190.4.1-ci və 190.4.13-cü maddələrinə uyğun olaraq hesablanmış məbləğə yüksəldici əmsal tətbiq edilməklə müəyyən edilir.

1 yanvar 2026-cı il tarixindən etibarən:

- benzin mühərrikli minik avtomobilləri üzrə tətbiq edilən yüksəldici əmsal 1,2-dən 1,5-ə,

- dizel mühərrikli minik avtomobilləri üzrə isə 1,5-dən 2,0-a qaldırılıb.

Beləliklə, istehsal tarixi 7 ildən artıq olan idxal minik avtomobilləri üzrə aksiz yükü əhəmiyyətli dərəcədə artırılıb.

Aksizli malların dərəcələrində hansı dəyişikliklər olub?

Vergi Məcəlləsinin 190.3-cü maddəsinə edilən dəyişikliklərə əsasən, aksiz dərəcələri dəyişməklə bağlı aksiz malları üzrə yeni dərəcələr müəyyən edilib:


Əlaqəli Xəbərlər