Menyu

Elektromobili necə düzgün şarj etməli?

Operativ Media
Elektromobili necə düzgün şarj etməli?

Elektromobillərdə düzgün şarj qaydası həm təhlükəsizlik, həm də batareyanın uzunömürlü olması üçün çox vacibdir. Xüsusilə “fast charge”, yəni sürətli şarj imkanları rahat görünsə də, ondan davamlı istifadə batareyanın ömrünü müəyyən qədər azalda bilər. Çünki sürətli şarj zamanı batareya daha çox qızır və hüceyrələr əlavə yüklənməyə məruz qalır. Buna görə mütəxəssislər gündəlik istifadə üçün mümkün qədər adi və ya yavaş şarjdan istifadə etməyi tövsiyə edirlər. Sürətli şarj isə daha çox təcili vəziyyətlər üçün uyğun hesab olunur.

Bu sözləri Operativ Media-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib. 

O bildirib ki, düzgün istifadə olunan elektromobil batareyası illərlə problemsiz işləyə bilər:

"Şarjı daim 100 faizə qədər doldurmaq və ya tam sıfıra endirmək də batareyanın resursuna mənfi təsir edə bilər. Ən optimal istifadə aralığı adətən 20–80 faiz hesab olunur.

Elektrik sərfiyyatına gəlincə, elektromobillər yanacaqla müqayisədə daha qənaətlidir. Azərbaycanda ev tarifləri ilə hesablandıqda orta istifadədə aylıq təxminən 60–150 manat arası elektrik xərci yarana bilər. Bu məbləğ avtomobilin modelindən, gündəlik sürüş məsafəsindən və şarjın harada edilməsindən asılı olaraq dəyişir. 

Ev şəraitində şarj zamanı təhlükəsizlik məsələsi xüsusilə vacibdir. Bir çox insan avtomobili adi elektrik yuvasına qoşaraq şarj edir. Lakin bu hər zaman təhlükəsiz sayılmır. Elektromobil üçün ayrıca elektrik xətti çəkilməsi və mütləq torpaqlama sisteminin olması tövsiyə olunur. Torpaqlama mümkün elektrik sızmalarının qarşısını alır və həm avtomobili, həm də istifadəçini qoruyur. Əks halda qısaqapanma və ya elektrik zərbəsi riski yarana bilər.

Rəsmi şarj məntəqələrində bu təhlükəsizlik sistemləri əvvəlcədən nəzərə alınır. Amma ev şəraitində qurulan sistemlərdə keyfiyyətli kabel, uyğun avtomat və peşəkar elektrik ustasının işi çox önəmlidir. Elektromobil istifadəçilərinin ən çox diqqət etməli olduğu məsələlərdən biri də məhz budur”.

Əlaqəli Xəbərlər