Menyu

Gələcəyə sərmayə: Sağlam və savadlı nəsil necə yetişməli?

Ayşən Sadıxzadə
Gələcəyə sərmayə: Sağlam və savadlı nəsil necə yetişməli?

Qanunvericiliyə əsasən təhsil 9-cu sinfə qədər icbaridir. Əvvəllər bu icbarilik 4-cü sinfə qədər idi və sonradan edilən dəyişikliklərlə 9-cu sinfə qədər uzadıldı. Yəni uşaqların, şagirdlərin təhsilə cəlb olunması üçün əlavə könüllülük prinsipləri əsasında layihələrə və ya metodlara ciddi ehtiyac yoxdur. Ölkə qanunvericiliyinə görə 7 yaşına çatmış hər bir şəxs məcburi qaydada təhsil almalıdır.

Bu sözləri Operativ Media-ya açıqlamasında elm və təhsil eksperti Elmin Nuri deyib. 

O bildirib ki, bundan sonrakı məsələ isə məktəbdən yayınan və ya müxtəlif səbəblərdən təhsildən uzaqlaşan uşaqların yenidən təhsilə cəlb olunmasıdır:

“Bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Əlimizdə məlumatlar olmalıdır ki, şagirdlərin məktəbdən uzaqlaşmasına səbəb olan əsas amillər hansılardır.

Bu gün həmin məsələ ilə bağlı əlimizdə nə rəsmi, nə də qeyri-rəsmi statistik məlumatlar kifayət qədər deyil. Halbuki məktəbdən yayınma halları mövcuddur. Bunun səbəbləri arasında ailədaxili problemlər, bullinq halları, şagirdlərin deviant qruplara qoşulması, çətin tərbiyə olunan uşaqların təsiri və ya maddi sıxıntılar ola bilər.

Bu uşaqları təhsildən uzaqlaşdırmamaq üçün alternativ yollar düşünülməlidir. Məsələn, axşam məktəbləri açıla bilər. Təhsilə maraq göstərməyən və ya ənənəvi tədris prosesinə uyğunlaşa bilməyən uşaqlar üçün fərqli mexanizmlər tətbiq olunmalıdır.

Bir uşaq məktəbə getmək istəmir, fizika, kimya və ya ədəbiyyat ona maraqlı deyil, ola bilər. Amma həmin uşaq gələcəkdə cəmiyyət üçün faydalı olmaq və özünü dolandırmaq üçün ən azından hər hansı bir peşəyə yiyələnməlidir. Ona görə də belə uşaqların məcburi şəkildə peşə təhsilinə cəlb olunması istiqamətində alternativlər nəzərdən keçirilə bilər”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, sagirdlərin təhsilində başlıca məsuliyyət erkən yaş dövründə valideynlərin üzərinə düşür. Valideynlər artıq uşaqlar 2-3 yaşından etibarən onların təhsil istiqamətində inkişafı üçün müxtəlif maarifləndirici oyunlardan istifadə etməli, uşağın qavrayaraq öyrənə biləcəyi zəka oyunlarına üstünlük verməli, onlara nağıllar danışmalı, oxu və yazı vərdişlərinin formalaşması istiqamətində iş aparmalıdırlar:

“Belə olduğu halda, əlbəttə ki, uşaqlarda təhsilə maraq daha erkən yaşlardan formalaşır. Daha sonra məktəbəqədər təhsil, məktəbəhazırlıq mərhələsi və ibtidai təhsil dövrünə keçid başlayır. Məhz bu mərhələlərdə valideynlərin diqqəti daha da artmalıdır.

Çünki uşağın təhsil həyatında strateji əhəmiyyət daşıyan dövr məhz bu mərhələlərdir. Valideyn ilk növbədə övladını zərərli vərdişlərdən uzaq tutmalıdır. Bunun üçün mobil telefon istifadəsinə nəzarət vacibdir. Eyni zamanda müxtəlif, xüsusilə aqressiv məzmunlu oyunlardan uzaq saxlanılması da mühüm əhəmiyyət kəsb edir.

Əgər valideyn övladına 4-cü və ya 5-ci sinifdə telefon alırsa, mütləq valideyn nəzarəti təmin olunmalıdır. Uşağın hansı məzmunları izlədiyinə, hansı platformalardan istifadə etdiyinə diqqət yetirilməlidir. Yalnız bu şəkildə uşaqları zərərli təsirlərdən qorumaq mümkün ola bilər.

Digər tərəfdən, təhsil müəssisələrinin də bu məsələdə üzərinə mühüm vəzifələr düşür. Əgər hər hansı şagirddə zərərli vərdişlərə maraq və ya meyl müşahidə olunursa, məktəb bunu vaxtında müəyyən etməlidir. İlkin araşdırma aparılmalı, daha sonra valideyn məktəbə dəvət olunmalı və onunla müvafiq söhbətlər aparılmalıdır.

Bundan sonra məktəb və valideyn birgə şəkildə həmin şagirdin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində tədbirlər görməlidir. Bu, təhsil müəssisələrinin diqqətdə saxlamalı olduğu vacib məsələlərdən biridir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova isə bildirib ki, hər bir xalqın gələcəyi onun uşaqlarının necə böyüməsindən, hansı dəyərlərlə formalaşmasından və hansı biliklərə sahib olmasından asılıdır:

"Bu gün dünyanın ən inkişaf etmiş ölkələri təbii sərvətləri ilə yanaşı, təhsilli insan kapitalı ilə də fərqlənirlər. Məhz buna görə uşaqların təhsilə marağının artırılması və onların zərərli vərdişlərdən qorunması təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Mütəxəssislər qeyd edirlər ki, uşağı təhsilə məcbur etməklə deyil, onda öyrənməyə maraq yaratmaqla uğur qazanmaq mümkündür. Finlandiya, Sinqapur, Yaponiya kimi qabaqcıl təhsil sistemlərinə malik ölkələrin təcrübəsi göstərir ki, uşaqların dərsə marağı qorxu və təzyiq üzərində deyil, motivasiya və təşviq üzərində qurulduqda nəticələr daha yüksək olur. Uşaq bilməlidir ki, təhsil sadəcə qiymət almaq üçün deyil, həyatda öz yerini tapmaq, arzularını gerçəkləşdirmək və cəmiyyətə faydalı olmaq üçündür.

Bu işdə valideyn nümunəsinin rolu əvəzsizdir. Kitab oxumayan, öyrənməyə maraq göstərməyən valideynin övladından yüksək təhsil sevgisi gözləməsi çətindir. Uşaq eşitdiyindən daha çox gördüyünü təkrarlayır. Evdə kitabın, müzakirənin, elmin və mədəniyyətin dəyər gördüyü mühit formalaşdıqda, övladlar da bu dəyərləri mənimsəyirlər.

Müasir dövrün ən ciddi problemlərindən biri isə uşaqların zərərli vərdişlərə meyl etməsidir. Siqaret, alkoqol, narkotik vasitələr, eləcə də rəqəmsal asılılıqlar dünyanın bir çox ölkəsində narahatlıq doğuran məsələlərdəndir. Dünya Səhiyyə Təşkilatı və beynəlxalq tədqiqatlar göstərir ki, zərərli vərdişlərin qarşısını almağın ən təsirli yolu qadağalar deyil, maarifləndirmə və alternativ fəaliyyət imkanlarının yaradılmasıdır.

İdman, incəsənət, musiqi, elm dərnəkləri və ictimai fəaliyyətlər uşaqların enerjisini sağlam istiqamətə yönəldən ən güclü vasitələr hesab olunur. Araşdırmalar sübut edir ki, müntəzəm idmanla məşğul olan və sosial fəaliyyətlərə cəlb edilən yeniyetmələrin zərərli vərdişlərə meyli dəfələrlə aşağı olur. Çünki onlar özlərini faydalı fəaliyyətlərdə tapır, uğur hissini yaşayır və mənalı məşğuliyyətlər əldə edirlər.

Valideyn-övlad münasibətlərində etimadın olması da mühüm amildir. Uşağın hər addımını izləməkdən daha vacibi onunla səmimi ünsiyyət qurmaqdır. Övlad valideynindən qorxmamalı, ona güvənməlidir. Problemlərini bölüşə bilən, suallarına cavab alan, fikirlərinə hörmət göstərilən uşaqlar riskli mühitlərin təsirinə daha az məruz qalırlar.

Rəqəmsal əsrdə internet və sosial şəbəkələr də xüsusi diqqət tələb edir. Bu platformalar həm bilik mənbəyi, həm də təhlükə məkanı ola bilər. Dünyanın inkişaf etmiş ölkələrində valideynlər uşaqların internet istifadəsinə tam qadağa qoymaq əvəzinə, onlara rəqəmsal savadlılıq öyrədir, təhlükələri izah edir və istifadə müddətini balanslaşdırmağa çalışırlar. Bu yanaşma daha effektiv nəticə verir.

Unutmamalıyıq ki, hər bir alim, müəllim, həkim, mühəndis və ya dövlət xadimi vaxtilə bir ailənin övladı olub. Bu gün uşaqlarımıza ayırdığımız diqqət, verdiyimiz tərbiyə və qazandırdığımız bilik sabah ölkəmizin inkişaf səviyyəsini müəyyən edəcək. Təhsilə yönələn hər bir uşaq cəmiyyət üçün qazanılmış bir sərvətdir. Zərərli vərdişlərdən uzaq böyüyən hər bir gənc isə millətin gələcəyinə qoyulan ən etibarlı sərmayədir. Gələcəyimizi qorumaq istəyiriksə, uşaqlarımıza yalnız yaxşı həyat deyil, həm də düzgün yol göstərməliyik. Çünki güclü dövlətlərin təməlində güclü iqtisadiyyat yox, ilk növbədə savadlı, sağlam və məsuliyyətli nəsillər dayanır".

Əlaqəli Xəbərlər