İndiyədək BTC boru kəməri ilə 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib
Bu günədək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.
Energetika Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu göstərici kəmər vasitəsilə nəql edilən xam neftin yükləndiyi ilk tankerin yola salınmasının 20 illiyinə təsadüf edir. Belə ki, düz 20 il əvvəl – 2006-cı il iyunun 4-də BTC boru kəməri ilə nəql edilən ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb. 2006-cı ilin iyun ayında istismara verilən bu kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.
Qeyd edək ki, BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir. Səngəçal terminalından başlayan kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.
