Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib
Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib.
Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cu ilədək milli prioritetlərinə doğru irəliləyişi təmin edib”, - deyə Sahil Babayev diqqətə çatdırıb.
Onun sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 % təşkil edib və bu, 22 % səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz bəndi azdır: "İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 %-ə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb".
Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 %-i səviyyəsində olduğunu bildirib: "Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 % azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir".
Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb.